İnşa müsabiqəsi




   Türk xalqlarının yenilməz və vüqarlı şəxsiyyəti

                                                    Bizim hər birimiz elmi dərəcəmizdən, biliyiyimizdən,
                                                    təhsil səviyyəmizdən asılı olmayaraq, bütün   
                                                    nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.
                                                                                                                                  H.Əliyev 

  
Heydər Əliyev çağdaş Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, təhsil quruculğu strategiyasının müəllifi, uşaqların, gənclərin, məktəblilərin böyük dostu Ümummilli Liderdir. Onun adı dünyanın ən nüfuzlu və fenomen şəxsiyyətlərinin adları ilə yanaşı çəkilir. Bütün türk xalqlarının yenilməz və vüqarlı şəxsiyyəti olan H.Əliyev müdrik  rəhbərliyi, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, bütün dünyanın etiraf etdiyi görkəmli siyasi liderdir.  Məhz bu fenomenlik amilini onda görən Amerikanın sabiq prezidenti Bill Klinton deyirdi: “Heydər Əliyev nəinki Azərbaycanı, Amerikanı, hətta bütün dünyanı idarə edə biləcək siyasi xadimidir.”
    Azərbaycanda siyasi hakimiyyəti dövründə Heydər  Əliyevi  daim milli mənəvi dəyərlər, elm, təhsil, adət-ənənəyə sadiqlik düşündürmüş, bütün fəaliyyəti dövründə  bu dəyərləri qorumağa, elmin və təhsilin inkişafını yüksəltməyə çalışmışdır. 1994-cü ildə atəşkəs haqqında saziş imzalamağa nail olandan dərhal sonra Ümumtəhsil məktəblərinin nümunəvi əsasnaməsi”nin yaradılması məsələsi önə çəkildi. Dövlətin maddi çətinliklərinə baxmayaraq,  ilkin mərhələdə ibtidai sinflərin pulsuz dərsliklərlə təminatı barədə qərar qəbul edildi.
   Dahi rəhbərin təhsilə daha çox önəm verməsi həm də onun çoxillik təcrübəsi ilə bağlı idi. O, kamil, yetkin, ölkəsini dünyada layiqincə təmsil edə bilən, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıra bilən gənclər tərbiyə etməyi məktəbin qarşısında mühüm məsələ kimi qoyurdu. Məhz 1999-cu ildən başlayan təhsil islahatları çox keçmədi ki, bəhrəsini verdi. Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün geniş imkanlar yaradıldı. Ulu Öndər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz olkəsini inkişafını təmin etsin, öz millətini elmini, mədəniyyətini dünya standartlarına, çatdırsın o, mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsil üçün  bütün imkanları yaratmalıdır”
   Təhsil sahəsində islahatlarını əsas məqsədini H.Əliyev özü müəyyən etmişdi. O qeyd edirdi ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir.
   Dövlətimizin  iqtisadi qüdrətinin sürətlə artması Ulu Öndərə bu arzularını gerçəkləşdirməyə imkan yaratdı . 4 oktyabr 2002-ci il tarixli sərəncamı və həmin sərəncamla hazırlanmış proqram sayəsində Azərbaycanda dünya standartlarına uyğun müasir tipli məktəb binaları tikilməyə başladı. Bu gün ən ucqar dağ kəndlərində belə inşa edilmiş, hər cür avadanlıqla təmin olunmuş, müasir tipli məktəblərdə Azərbaycanın gənc qurucuları təhsil alırlar. İstedadlı uşaqların xüsusi dövlət təminatı, onların təqaüdlərlə stimullaşdırılması dünya üçün bir mütərəqqi nümunədir ki, müasir gənclik bunun üçün Ulu Öndərimizə minnətdardir
   Ümumi təhsildəki ən ciddi yeniliklərdən biri də yeni əlifbaya keçilməsi –latın qrafikalı əlifbanın reallığa çevrilməsi idi. H.Əliyevin “Bizim bu günümüz, gələcəyimiz məhz latın əlifbası ilə bağlıdır”-çağırışı təhsil sistemində tam həllini tapıb. Bu addım təhsilin dünya elminə, təhsilinə inteqrasiyasını sürətləndirmiş oldu. Ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrlə görüş, onlara “Prezident təqaüdü”nün verilməsi dahi rəhbərin təhsilə diqqət və qayğısının daha bir parlaq nümunəsi kimi bu gün də uğurla davam etdirilir.
   Ulu Öndərimiz həm də böyük azərbaycanlı idi. O, azərbaycançılığın ən böyük komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirmişdir. Ümumilli liderimizin fikrincə, ana dili azərbaycançılığın təməl prinsipi idi. O, dilin saflığı, təmizliyi uğrunda daim mübarizə aparırdı. Nitqlərini ana dilində söyləyir, bunu bütün rəhbər vəzifəlilərə də tövsiyyə edirdi. Bir tarixi faktı qeyd etmək yerinə düşərdi. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası layihəsi qəbul edildikdə Azərbaycan dilinin ana dili kimi təsbit edilməsi H.Əliyev cəsarətinin, xalqa, doğma dilə olan sevginin təcəssümü idi. Halbuki, digər respublikalarda ana dili ikinci planda idi.
   Sonrakı illərdə ana dilinin qorunması, tətbiqi istiqamətində bir neçə qanun qəbul olunmuş, sərəncamlar imzalanmışdır.
H.Əliyev müəllimlər müəllimi idi. O, yaxşı dərk edirdi ki, fundamental elm üçün orta məktəb bazası mühüm rola malikdir. Odur ki, məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi, onların hər cür ləvazimatlarla təmin olunması işini şəxsən nəzarətdə saxlayırdı. Tez-tez məktəblərə gedib məktəblilərlə görüşməsi, onların qayğıları ilə şəxsən maraqlanmasışirin bir xatirə kimi bu gün də  gözümüzün qarşısındadır.
  Təhsil siyasətini səciyələndirən amillərdən biri də islahatların keçirilməsidir. Ümummilli Liderimizin Azərbaycanda təhsil siyasətini uğurla davam etdirən canab İlham Əliyevin bircə sərəncamına diqqət yetirməklə onun strateji mahiyyətinə aydınlıq gətirə bilərik. Ölkə başçımızın 21 avqust 2004-cü ildə “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın (2005-2007) təsdiq edilməsi ilə bağlı imzaladığı sərəncam bu günümüz üçün zəruri olan informasiya texnologiyalarına orta məktəbdən yiyələnməkdə mütərəqqi rola malikdir. Bu gün qürurla deyə bilərik ki, hər bir məktəblimiz artıq bu texnologiyalarla tanışdır. Məktəblilərin hamısı kompüterlərlə, İKT avadanlıqları ilə yüksək səviyyədə təmin olunub ki, bu da əsasını Ulu Öndər  Heydər Əliyevin  Təhsil siyasətindən götürür. Təhsilimizlə yanaşı gənc nəsil də sürətlə dünyaya inteqrasiya edir.
   2009-cu ildə qəbul olunmuş Təhsil Qanunu, yeni fənn kurikulumlarına keçid, əldə edilən uğurların hamısı məhz Heydər Əliyevin təhsil siyasətinə əsaslanır.
   H.Əliyev bir məktəbdir. Bu məktəbdən isə həmişə öyrəniləcək, onun nuru daim gələcək nəsillərin zəkasını işıqlandıracaq. Çox sevindirici haldır ki, yeni nəsil də Ulu Öndərin həyatından çox şey öyrənir və onu sevə-sevə vəsf etməyi bacarır. Bir faktı qeyd etmək istəyirəm ki, işlədiyim məktəbin şagirdləri də bu dahi rəhbərin həyat və

fəaliyyətinə həsr olunmuş müxtəlif  müsabiqələrdə uğurla iştirak edirlər. Təkcə 2010-cu ildən bəri dörd dəfə şagirdlərimiz Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş inşa müsabiqəsində respublika qalibi olmuşlar. Onlar Sabirzadə Sahib, Sabirzadə Samir, Hacızadə Rafətdir. Bu ənənə bu gün də uğurla davam etdirilir. Yazımı artıq xalq deyiminə çevrilmiş bir ifadə ilə bitirmək istəyirəm:
 Nə qədər bu millət var,
Nə qədər Azərbaycan,
             Heydər: “Xalqım!” – deyəcək!
             Xalq: “Heydər!” – söyləyəcək!

                                   Astara rayon N.Həsənov adına Kijəbə
                                                 qəsəbə tam orta məktəbin  müəllimi
                             Kişiyev Azər  Sabir oğlu

________________________________________________________________________

"Heydər Əliyev məktəblilərin gözü ilə" respublika inşa müsabiqəsi

                                     Hacızadə Rafət Mərasim oğlunun
                                   Astara rayonu Nail Həsənov adına 
                                                         Kijəbə qəsəbə tam orta məktəbin X sinif şagirdi.


“Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycan kimi Vətənim olduğuna, Azərbaycanı təmsil etdiyimə görə özümü həmişə xoşbəxt sayıram”.
Heydər Əliyev.


Azərbaycan xalqı dünya xalqları arasında zəngin mədəniyyəti, şərəfli tarixi ilə öyündüyü kimi, yetirdiyi qəhrəman övladları ilə də daim fəxr etmiş, qürur duymuşdur. O qəhrəmanlar ki, daim dar ayaqda elinə, obasına dayaq olmuş, həyatını xalqına həsr etmişlər. Mən bu yazımda onlardan biri, lakin onlardan daha fərqli bir qəhrəman haqqında danışacağam.
Səbri, müdrikliyi, əzmkarlığı və millətinə, xalqına sonsuz sevgisi ilə bütün dünyanı heyrətləndirən Ulu Öndər Heydər Əliyev haqqında. Mənə elə gəlirdi ki, tanıdığım, mənə doğma, yaxın bir şəxsiyyət haqqında yazmaq o qədər də çətin olmayacaq. Lakin haqqında yazılanları oxuduqca, gördüyü böyük işlərə nəzər yetirdikcə bu şücaəti, bu əzəməti qələmə almağın nə qədər çətin olduğunu anlayıram. Çətinliyi qədər qürurverici olduğunu düşündükcə isə həvəslənirəm. Yaxşı dərk edirəm ki, Ulu Öndərimin həyatı və fəaliyyəti nəhayətsiz bir ümmandır. Ümmanın suyunu qətrə-qətrə boşaltmaq mümkün olmadığı kimi, kiçik bir inşada da Heydər Əliyevin həyat və fəaliyyətini tam əhatə etmək qeyri-mümkündür. Bir sözlə, ürək dolu, qələm isə acizdir.
Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir. Ondan öncəki qəhrəmanların, sərkərdələrin heç biri bu titulu daşımamışdır. Çoxmillətli ölkəmizdə məhz xalq tərəfindən bu titul ilk dəfə Heydər Əliyevə verilmişdir. O, lider olduğunu işi, əməli, zəkası,  xalqına sədaqəti ilə həyatı bahasına sübut etmişdir. Azərbaycan adlı bir gəminin mahir kapitanı kimi onu qayalara çırpılıb məhv olmağa qoymadı. Quduz, sərt dalğaların arasından məharətlə çıxarıb, işıqlı, xoş gələcəyə inamla yol aldı. Bu gün müstəqillik yollarında sürətlə addımlayan, iqtisadi uğurları, siyasi sabitliyi, elm, təhsil nailiyyətləri ilə dünyanın diqqət mərkəzində olan Azərbaycan, Heydər Əliyev zəkasına, müdrikliyinə borcludur. Bəzən televiziya ekranlarından dünyanın müxtəlif ölkələrində Ulu Öndərimizə ucaldılan abidələri, adını daşıyan parkları seyr etdikcə fəxarət hissi qəlbimi bürüyür. Onunla eyni bir xalqın, eyni bir Vətənin övladı olmağımla qürur duyuram. Onun azərbaycanlı olması ilə qürur duyduğu kimi!
Heydər Əliyev haqqında dünyanın əksər siyasi liderləri fikirlər söyləmiş, heç biri heyrətini gizlədə bilməmişdir. Hamı onun qətiyyətini, dahiliyini, uzaqgörənliyini etiraf etməyə məcbur olmuşdur. Bu mənada ABŞ-ın sabiq prezidenti Bill Klintonun dediyi sözlər bunun bariz nümunəsidir. “Heydər Əliyev nəinki Azərbaycanı və ABŞ-ı, hətta bütün dünyanı idarə edə biləcək siyasi liderdir”.
Bəli, o bütöv bir şəxsiyyət idi. Sözü ilə əməli bir olan şəxsiyyət. Bütün ömrünü xalqına həsr etdi. İçindəki pak arzuları ilk fürsətdə reallaşdırdı. Dövlət müstəqilliyi, uğurlu neft strategiyası, daxili sabitlik, cəbhədə tökülən qanların kəsilməsi... yazmaqla bitməyən böyük tikinti-quruculuq işləri onun illərlə qəlbində daşıdığı, sonra isə həyata keçirdiyi arzuları idi. Öz xalqını tanıyan, ona inanan Ulu Öndər bugünkü yüksəlişin möhkəm əsasını qoymaqla inanırdı ki, “Azərbaycan dünyaya bir günəş kimi doğacaq”.
Bu gün Heydər Əliyev özü Azərbaycanın üfüqlərində doğan bir günəşdir.
Öz əli ilə çəkdiyi möhtəşəm Azərbaycan adlı əsərinə onun kimi yeni naxışlar, cizgilər əlavə edən prezidentimiz İlham Əliyevin yoluna işıq saçır. Ölkəmizin xoşbəxt gələcəyi üçün bəslədiyi arzularının reallaşdığını gördükcə ruhu sevinir. Çünki yanılmadığını, ölkənin etibarlı əllərdə olduğunu görür.
Rahat uyu, Ulu Öndərim! Sənin yolunu davam etdirən hər bir gənc günü-gündən gözəlləşən, inkişaf edən Vətənimizin rifahı üçün İlham Əliyevin ətrafında birləşərək, müstəqilliyimizin əbədi olmasını təmin edəcəkdir.

Ata günəş, oğul aydır,
İlahidən bizə paydır.
Zirvələrdə qoşa qartal,
İlham-Heydər, Heydər-İlham !

Vaxtilə Ümummilli liderimizin imzaladığı kontraktları qısqanclıqla qarşılayan bədxahlarımız, bugünkü yüksəlişi gördükcə çox güman ki, utanır, bu uzaqgörənliyin qarşısında aciz qalırlar. Şair demiş:
... Dosta fəxarət gəlir,
Gözü kor olur yadın.
Bəli, bədxahlarımıza ən tutarlı cavab bugünkü Bakımız, yeniləşən Azərbaycanımız, artan iqtisadi-mədəni, hərbi-siyasi qüdrətimizdir. Demək yolumuz düz yoldur. Onu daha da inkişaf etdirmək lazımdır.
Ulu Öndərin adını daşıyan, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu artıq beynəlxalq layihələrə imza atır. Bütün dünyada ölkəmizin nüfuzunu qaldırır.
Bu gün bizi Ulu Öndər yoxluğundan 11 il ayırır. Bu bir cismani yoxluqdur. Onsuz da hamı nə vaxtsa həyatdan gedəcək. Ancaq Heydər Əliyev kimi insanlar əbədi xatırlanacaq, Vətəni, xalqı yaşadıqca o da insanların qəlbində yaşayacaqdır. Necə deyərlər, “Dahilər ölmür, onlar dünyasını dəyişir”.
Bu kiçik yazımda Ulu Öndərə olan məhəbbətimi bəlkə də tam əks etdirə bilmədim. Çünki əvvəldə qeyd etdiyim kimi bəzən qələm bütün hiss və duyğuları ifadə edə bilmir.
Həqiqət isə budur ki, Heydər Əliyev Azərbaycanın səmasında sönməz günəş, bütün gələcək uğurlarımızın qarantı və ilhamvericisidir.
Ulu Öndərim! Azərbaycan var olduqca sən də yaşayacaqsan!

Memarı olduğun Azərbaycanın,
Nə qədər adı var yaşayacaqsan.
İnsana nur verən Ulu Tanrının,
Sönməz günəşitək parlayacaqsan!




_____________________________________________________________________


"Heydər Əliyev məktəblilərin gözü ilə" respublika inşa müsabiqəsi


Sabirzadə Samir Azər oğlu
      Astara rayonu Kijəbə qəsəbə tam
orta məktəbin XI sinif şagirdi.

                                                                  Heydər Əliyev nəinki Azərbaycanı,
                                                                 Amerikanı, hətta dünyanı idarə edə
                                                                  biləcək siyasi xadimdir.
                                                                                                       Bill Klinton.

Mübarizə insan həyatının mənasıdır. Məhz mübariz olanlar həyatda uğur qazanırlar. Mənim bu günkü inşamın qəhrəmanı da bütün həyatı və fəaliyyəti ilə mübarizlik simvoludur. O, mənim qəhrəman xalqımın bəşəriyyətə bəxş etdiyi cənab Heydər Əlirıza oğlu Əliyevdir.
Onun haqqında yazdığım yazını böyük ümmandan bir damcı hesab etmək olar. Lakin mən onu sevə-sevə vəsf etməyə çalışacağam. Çünki xalqımı dünyada tanıdan, onun xoşbəxt gələcəyinin təminatçısı olan bir şəxs yalnız hörmət və ehtirama layiqdir.
         Deyirlər, tanrı insanı çəkə bilməyəcəyi yüklə sınamaz. Çoxəsirlik işğal və talanlardan sonra tanrı azərbaycan xalqına onun dərdinə dərman olan bir oğul bəxş etdi. Uca dağlardan qamətinə boy, mavi xəzərdən gözlərinə rənğ verdi. Görkəminə görə vətəninə, müdrükliyinə, uzaqgörənliyinə, səxavət və sədaqətinə görə xalqına bənzətdi. O bənzəyiş sonradan vəhdətə: “Heydər-Xalq”, “Xalq-Heydər” vəhdətinə çevrildi. Bu vəhdətdən bəhrələnərək böyük bir xalqın - Azərbaycan xalqının yükünü çiyinlərinə çəkdi, onu şərəflə daşıdı.
Azərbaycana xilaskar qayıdışından sonra ən ümdə vəzifəsi xalqı birləşdimək düşmənə qarşı vahid mövqedə səfərbər etmək oldu. Çünki o bilirdi ki, Azərbaycan xalqı bir olanda daha güclü, daha mübariz olur.
         Ulu öndərimiz bir şam kimi ömrünü xalqın yolunda əritdi. Əfsanəvi Danko kimi ürəyini məşələ çevirdi, xalqın yoluna işıq saçdı, bundan usanmadı, bununla fəxr etdi, qürur duydu və həyatının mənasını da bunda gördü.
         “Azərbaycan dünyaya bir günəş kimi doğacaq” deyən Heydər Əliyev xalqının əbədi müstəqilliyinə öz varlığı kimi inanırdı. Bu işdə daha çox gənclərə inanırdı, onlara öz tövsiyələrini verirdi. “Azərbaycanın bu günkü gənc nəsli Azərbaycanı daha da yüksəklərə qaldıracaq” kəlamı bu inamdan xəbər verirdi. Mən də bir Azərbaycan gənci kimi bu ehtirama sadiq qalmağa çalışıram.
         Bu müsabiqədə iştrak edəcəyimi biləndə valideynlərimdən mənə Heydər Əliyev haqqında bilmədiklərimi danışmalarını xahiş etdim. Onlarsa:
         -Oğul, əgər Heydər Əliyev olmasaydı, ərəb ölkələrində yaşananları biz 90-cı illərdə yaşamış olardıq.Onun milli birliyə nail olması bizi bu fəlakətdən vaxtında xilas etdi. 1994-cü ildə atəşkəsə nail olmaqla xalqın göz yaşını sildi, çöhrələrə sevinc qondu. Daha sonra “Əsrin müqaviləsi” imzalandı. Bu müqaviləni imzalamaqla Heydər babamız bir daha öz dahiliyini bütün dünyaya sübut etdi. Artıq xalq Heydər Əliyevi Azərbaycanın müstəqillik rəmzi hesab edirdi.
         Bu gün Ulu Öndəri bizdən doqquz illik bir zaman kəsiyi ayırır. Cismani bizimlə olmasa da, ruhu həmişə bizimlədir.Hər abadlaşan şəhər və kəndimizdə, siyasi və iqtisadi uğurumuzda Heydər Əliyev var. Əgər dünya ölkələrində Azərbaycanın siyasi və iqtisadi inkişafından danışılırsa, ölkəmiz günü – gündən çiçəklənirsə, xoşbəxt gələcəyimiz təmin olunursa, demək, yolumuz düz yoldur. Bu yoldan dönməməli, əksinə onu daha da irəli aparmalıyıq .
    Azərbaycan adlı gəminin sükanı etibarlı əllərdədir. Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyəti  nəticəsində ölkəmizin  mövqeyi daha da yüksəlir, imici möhkəmlənir.
     Ulu Öndərin adını daşıyan, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO –nun  xoşməramlı  səfirinin –Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev  Fondu onun gerçəkləşməyən arzularını reallaşdırır.
    Mən Astara rayonun Kijəbə qəsəbəsində yaşayıram. Burada insanların bəxti daha çox gətirib . Çünki onlar müxtəlif illərdə Heydər Əliyevlə nə az, nə çox, səkkiz dəfə görüşmək səadətinə nail olublar. Bu gün  qəsəbənin mərkəzində gözəlliyi ilə göz oxşayan bayraq meydanı inşa olunub. Burada Heydər Əliyevin mehriban simasını əks etdirən portreti vardır. Hər gün məktəbə gedəndə bu portretin önündə dayanır, qürur hissi keçirirəm. 24 metr yüksəklikdə dalğanan bayrağı seyr edən öndərim ona:” Dalğalanan , müqəddəs bayrağım! Xalqımın göylərində əbədi olaraq dalğalanan !” –deyir. Çünki illərdən bəri ürəyində gəzdirdiyi azadlıq eşqini ilk dəfə  Naxçıvanda –üçrəngli  bayrağımızı qaldırmaqla reallaşdırdı. Heydər Əliyev nəinki Azərbaycan tarixinin bilicisi, hətta onun şanlı  səhifələrinin qurucusu idi. İlk dəfə onun təşəbbüsü ilə düşmənlərimizin törətdiyi faciələrə siyasi qiymət verildi. Sevə-sevə qeyd etdiyimiz 31 Dekabr-Dünya  Azərbaycanlılarının  Həmrəyliyi  Günü də onun uzaqgörənliyinin nəticəsidir .

   Ey tarix içində tarix yaradan xilaskar! Rahat uyu! Çünki sən üzərinə düşən ilahi missiyanı layiqincə yerinə yetirdin. Xalqın ürəyinə əbədi azadlıq və müstəqillik toxumu səpdin. Onu səadətə aparan bir yolun yolçusu etdin. Buna görə qarşında baş əyir, Tanrıdan sənə rəhmət diləyirəm.



_________________________________________________________________________________



"Heydər Əliyev məktəblilərin gözü ilə" respublika inşa müsabiqəsi

Sabirzadə Sahib Azər oğlu
      Astara rayonu Kijəbə qəsəbə tam
orta məktəbin XI sinif şagirdi.

“Hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq,
vətənin şərəfini uca tutmalı, onun layiqli təmsilçisi olmalıdır”.
Heydər Əliyev

Ulu Öndərimizə həsr olunan inşa müsabiqəsində iştrak edəcəyimi biləndə qəlbimi sevinc, qürur hissi ilə yanaşı, bir həyəcan da bürüdü. Görəsən, bir şagird qələmi ilə bu əzəməti, dahiliyi vəsf edə bilərəmmi? Bu fikirlə mavi Xəzərin sahilinə yollandım. Gün işığından bərq vuran suya, başı hələ qarlı olan uca dağlara baxdım. Gözümün qarşısında gülərüz bir insan siması canlandı. Bu, Ulu Heydər babamın mehriban siması idi.

-         Nəyi fikirləşirsən, oğlum?
-         Salam baba, sahah müsabiqəyə yollanacağam, mənə xeyir-dua ver.
-         Uğur olsun, bala, mübariz ol, bizə mübarizlik yaraşır.
Tanrı ona yenilməzlik qüdrəti vermişdi. Gözləri mavi Xəzərdən rəng almış, qaməti uca zirvələrdən boy almış, təbəssümü Odlar Yurdunun işığı ilə nurlanmışdı. Həm ruhən, həm cismən azərbaycanlı idi. Məhz fəxarət mənbəyi də bu idi. “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu söz bütün azərbaycanlıları birləşdirən kəlama çevrilmişdir.
Ulu Öndərin həyat və fəaliyyəti bir ümmandır. Bu inşa yazısı isə ümmanın nəhayətsizliyinə baş vurmaq istəyən qayığa bənzəyir. Heydər Əliyev vətəni ilə yanaşı, millətini də çox sevirdi. Onu daim tərəqqidə, yüksəlişdə görmək istəyirdi. Odur ki, bütün mənalı həyatı boyu xalqını tanıda biləcək dili, müstəqilliyi, daxili və xarici siyasəti kimi amallar uğrunda çalışırdı. “Şəxsən mən ğz ana dilimi çox sevir və bu dildə danışmaqla fəxr edirəm” deməklə, ana dilinin tətbiqi ilə bağlı fərmanlar imzalamaqla əsl vətəndaşlıq nümunəsinə çevrildi.
Tanrı onu təkcə Əliyevlər ailəsini sevindirmək üçün göndərməmişdi. Xoşbəxt uşaqlıq illərində ağlına belə gəlməzdi ki, illər keçəcək, bir ailənin deyil, böyük bir xalqın sevimlisinə cevriləcək, bir ailənin deyil, bir xalqın yükünü çiyinlərində çəkəcdi. Təbiətin ona bəxş etdiyi dərin zəka, qətiyyət, xalqdan aldığı güc və ilham ona bu yükü çəkməkdə kömək oldu. Xalqının adı öz adı ilə vəhdət təşkil etdi. Indi dünyada: “Heydər Əliyev” deyəndə Azərbaycan, “Azərbaycan deyəndə” Heydər Əliyev” yada düşür.
“Azərbaycan” adlı triloğiyanın birinci hissəsini Ulu Öndər maharətlə yazdı. İkinci hissəsini isə ona verilən estafeti layiqincə davam etdirən İlham Əliyev yazmaqdadır. Ümid edirəm ki, ücüncü hissəni də bu dühadan xeyir-dua almış, bu günəşdən nurlanmış insan əli yazacaq.
         Deyirlər ki, Azərbaycan Heydər Əliyevin şah əsəridir. Onu dünyada tanıtmaq missiyası onun layiqli davamçısı İlham Əliyevin üzərinə düşür. Həm onun, həm də ürəyi vətən eşqi ilə döyünən, xalqın güvənc yeri, inam mənbəyi olan Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində bu missiya uğurla davam etdirilir.
Ulu Öndər həm uşaqlarin dostu, kimsəsizlərin panahı, sadə insanların dayağı olan el ağsaqqalı idi. İndi aramızda olmasada da, onun başa çatdıra bilmədiyi işləri,adını daşıyan Heydər Əliyev Fondu daha səylə həyata keçirir.
   Heydər Əliyev ölkəmizin üstündəki qara buludları dağıtdı. 17 ildir ki, biz atəşkəs rejimində yaşayırıq. Bağlanan müqavilə axıdılan göz yaşlarını sevinc qığılcımı əvəz etdi. Burada  H.Cavidin ölməz misraları necə də yerinə düşür.
                    Kəssə hər kim tökülən qan izini,
                    Qurtaran dahi odur yer üzünü.
 1990-cı ilin 20 yanvarında həyatını təhlükəyə ataraq açıq-aşkar imperiyaya etiraz etdi.Hər dəfə onun çıxışını televiziya ilə izləyəndə , ətrafına toplaşan insanların ona necə ümüdlə baxdığını görəndə sanki mən də o həyəcanı yenidən yaşayıram.
 Ulu Öndərin həyatı Azərbaycan gəncliyinin idealıdır.Ona xas olan doğruluq, mətinlik, humanizm, uzaqgörənlik bizi ona oxşamağa, ondan öyrənməyə sövq edir. O, mənim həyat idealımdır. Mən onun kimi oxumaq, vətənimi qorumaq, xalqıma xidmət etmək istəyirəm.
 Yeniləşən Azərbaycanın sağlam düşüncəli gənci kimi onun siyasi kursunu bəyənir və səbirsizliklə 18 yaşımın tamam olmasını gözləyirəm. Yalnız o zaman YAP-na üzv ola bilərəm. Valideynlərimin sevə-sevə daşıdığı üzvlük biletini mən də daşımaq istəyirəm.
  Şah İsmayil Xətaidən sonra 400 illik sərkərdə boşluğunu Heydər Əliyev doldurdu. Azərbaycanın istiqlal üfüqlərində yeni işıq parladı. Bu işığın ilıq şüaları bütün Azərbaycana xeyir gətirdi. Hələ çox nəsillər də bu işıqdan nurlanacaq.
  2003-cü il 12 dekabr. Azərbaycan tarixinin ən kədərli səhifəsi. Heydər Əliyevi bizdən cismən ayıran tarix. Lakin onun ruhu indi də bizimlədir. Onun dühası həmişə yaşayacaq. Ürəyində bəslədiyi,lakin amansız ölümün macal vermədiyi arzuları indi daha da coşqu ilə həyata keçirilir.
 İndi onun siyasi kursunun İham Əliyev ugurla davam etdirir. Doğrudan da, Azərbaycan dünyaya Günəş kimi doğur. Respublika səviyyəsində gedən yenidənquruma, abadlıq işləri xoşbəxt gələcəkdən xəbər verir. Təhsil sahəsində islahatlar, dovlət hesabına xaricdə təhsil almaq bu günü reallıqlarıdır. Amma mənəvi cəhətdən kor olanlar,kölə pisixologiyası ilə yaşayanlar dövlət-xalq vahdətini qısqanır, gəncləri yanlış yola yönəldirlər. Lakin onlar buna nail ola bilməyəcəklər, nə 90-cı illərdə nail oldular, nə də indi ola bilərlər. Çünki İlham Əliyev artıq xalqın rəğbətini qazanır, ona olan ümidlərini doğruldur. Bütün yaşıdlarımı onun ətrafında sıx birləşməyə çağırıram.
  Belə bir deyim var: “Dahilər ölmür, onlar dünyasını dəyisir”. Bəli, Həydər Əliyev indi də aramızdadır. Harada Azərbaycanlı var, orada Heydər Əliyev var, harada Azərbaycanca bir söz səslənir orada Heydər Əliyev var.
  Yazımı Ulu Öndərin kəlamı ilə bitirmək istəyirəm:
                 “Azərbaycanlı kimi dünyaya gəldiyimə,
                  Azərbaycan dilində danışdığıma,
                  Azərbaycan kimi Vətənim olduğuna ,
                  Azərbaycanı təmsil etdiyimə görə
                  Özümü həmişə xoşbəxt sayıram”.

            Heydər  Əliyev məktəblilərin gözü ilə. Bakı, “Təhsil”, 2011, 304 səh. (səh. 263-265).


_________________________________________________________________________________

Комментариев нет:

Отправить комментарий